فارسي|Español|English|العربية
Saytın Xiritəsi|əlaqə|Xəbərlər|Haqqımızda
 
 
Login
kullanıcı adı :   
Şifre :   
 
Captcha:
[Üyelik]
Newsletter Membership
isim :   
elektronik posta :   
Alman-Azərbaycan ədəbi əlaqələri haqqında qısa xülasə

 kaynak :

 yazar :     elektronik posta :

 Yazım tarihi : 12/23/2011  

Müxtəlif  dillərdə  danışan xalqlar  arasındakı ədəbi-mədəni əlaqələrin dəqiq tarixini,  köklərini  müəyyənləşdirmək çətindir.  Biz uzaqbaşı  üzdə, əldə  olan  materiallar  əsasında  nəyinsə  nə vaxtsa  kiməsə məlum olduğu haqda  fikir  yürüdə bilərik. Lakin ədəbi-mədəni  əlaqələrin  yaranma  tarixində  bəzən elə  məqamlara, elə paralellərə  rast gəlmək olur ki, onlar  heç vaxt  üzdə  olmur, onların  heç tarixi də, qarşılıqlı təsiri də konkret  olmur. Bu baxımdan Alman-Azərbaycan  ədəbi-mədəni  əlaqələrinin  köklərini, tarixini    müəyyənləşdirmək çətindir, lakin  bütün bunlarla  bərabər  demək olar ki, bu köklər çox dərindir, bizə məlum olan  mənbələrdən çox-çox əvvəldir.  Alman-Azərbaycan  ədəbi  əlaqələrini  tədqiq  edən alimlərimizin bu  sahədəki  bilgilərinə əsasən  demək olar ki, alman oxucusu  Azərbaycan haqqında  ilk  məlumatı Adam Oleraiusun bu  yerlərə  XVII əsrin  əvvəllərində  etdiyi  səyahətdən  sonra  alıb. Yeri  gəlmişkən,  Alman-Azərbaycan  ədəbi-mədəni  əlaqələri  haqqında  görkəmli  ədəbiyyatşünaslarımızdan  Ə. Sultanlı, Ə. Ağayev, M. Rəfili, C. Cəfərov, N. Ağazadə, Ə. İsmayılov çox  qiymətli  fikirlər  söyləsələr də, həmin  əlaqələri müxtəlif aspektlərdə  Aqil Ağayev ( “Nizami alman  dilində” Bakı, Gənclik, 1992) H. Arzulu (“Alman klassik poeziyasının  azərbaycan dilinə  tərcüməsinin  nəzəri və praktik prinsipləri”  Bakı, Elm, 2003),  Flora Əlimirzəyeva-Mustafayeva (“Kitabi Dədə- Qorqud dastanının  alman dilinə  tərcümə sənətkarlığı” Bakı, “Ozan”, 1999), Akif Bayramov (“Mirzə Şəfi Vazehin ədəbi  irsi “Bakı, Yazıçı, 1980) geniş araşdırmışlar.

 

     Bu  mənbələrə  istinadən  onu  da  demək olar ki, almaniyalı  təbiətşünas  alim Enqelberq Kemfer    yazıçı Samuel Qotlib də  istər  yerüstü-yeraltı, istərsə də mənəvi-ruhani  sərvətləri ilə Qərbi həmişə özünə çəkən  bu əsrarəngiz  yerlərdə olublar, Azərbaycan xalqının qədim  və zəngin  tarixi, gözəl adət-ənənələri, xüsusilə də  qonaqpərvərliyi haqqında  ağız dolusu  danışmışlar. Düzdür, dahi Azərbaycan şairi  Nizaminin adı A.Oleraisin “Moskva və İrana  səyahətin geniş təsviri” (1663) kitabında çəkilsə də,  əlaqələrin konkret tarixi  yenə də  yuxarıda  adları çəkilən  tədqiqatçıların dediklərinə əsaslanaraq XIX əsrin  əvvəllərində, daha  doğrusu məşhur alman şərqşünas alimi  və diplomatı Yozef Fon Hammer Purqştalın (1774-1886)  1881-ci  ildə çap etdirdiyi “Çeschichte  der schönen Redekünste Persiens”  kitabı ilə  başlayır, desək səhv etmərik. Düzdür, burada  Nizami  alman  oxucusuna  fars  şairi  kimi  təqdim olunur  və ondan  əlavə  digər  Azərbaycan  şairləri  Əbül-Üla Gəncəvinin, Fələki Şirvaninin, Marağalı Əhvədinin, Zülfüqar Şirvaninin də  haqqında  bəhs edilir, ancaq  hər  halda  bunu alman  oxucusunun  Azərbaycan  ədəbiyyatı  ilə ilk  və ətraflı  tanışlığı hesab  etmək  olar. Alman şairi  Fridrix Fon Bedenştettin Mirzə Şəfi Vazehin  şerlərini alman  dilinə tərcümə etməsini  və məhz bu tərcümələrdən sonra  Azərbaycan şairinin  Qərbdə (M. Şəfi Şərqdə yaxşı tanınırdı) şöhrətlənməsini də bu  ədəbi  əlaqələrin, bütün  mübahisəli  cəhətlərinə  baxmayaraq, parlaq səhifələrindən  hesab etmək olar.

 

     Azərbaycan  ədəbiyyatının,  eyni zamanda Azərbaycanın mənəvi-ruhani  dünyasının  incisi hesab olunan “Kitabi- Dədə Qorqud”  dastanının, eləcə də  şifahi ədəbiyyatımızın, folklorumuzun  digər  nümunələrinin alman dilinə çevrilməsi  XIX  əsrə  təsadüf edir.  1815-ci ildə H.F. Von Dits “Kitabi-Dədə Qorqud”un  VIII boyunu, 1992-ci  ildəsə  Y. Kunoş “Şah İsmayıl və  Gülzar xanım”, “Aşıq Qərib”, “Tahir və Zöhrə” dastanlarını alman  oxucusuna  çatdırmışlar.  Maraqlıdır ki, bu söz  inciləri  sonralar  da  alman şair-filosoflarının, tərcüməçilərinin diqqətini cəlb  etmiş, XX əsrdə  onların  tərcüməsinə  yenidən  qayıdılmışdır. Məsələn, şərqşünas alim G. Hayn 1958-ci ildə “Kitabi-Dədə Qorqud”u  tam şəkildə alman dilinə tərcümə  edərək nəfis şəkildə  çap etdirmişdir.  1995-ci ildə isə Azərbaycan ədəbiyyatının Almaniyada  yayılmasında  əvəzsiz  xidmətləri  olan H. Əhməd Şmide dastanı yenidən  alman dilinə  tərcümə  etdirmişdir. 1975 və 1977-ci  illərdə  alman dilində  nəşr olunan 2 cildlik Azərbaycan  nağıllarının tərcüməçisi də H. Ə. Şmide olmuşdur.  Eləcə də Hans  Fişer 1929-cu ildə J. Kunoşun tərcüməsini  bəyənmədiyi üçün  “Şah İsmayıl və Gülzar xanım” dastanının  bütöv  şəkildə  alman dilinə yenidən tərcümə edərək, ona  təxminən  60 səhifə həcmində elmi təhlil də vermişdir.

 

     Ümumiyyətlə XX əsrdə alman  oxucusunda  Azərbaycan  ədəbiyyatına  maraq böyük olmuşdur.  Klassiklərimizdən  M.F.Axundovun   məşhur “Müsyö Jordan və dərviş Məstəli  şah” komediyası hələ  1852-ci ildə alman dilinə tərcümə olunmuşdu, lakin XX  əsrin  əvvəllərində alman alim-şərqşünaslarının onun  komediyalarına marağı təzədən  artır. Q. Yakob və T. Mendel kimi  alim-tərcüməçilər Axundovun komediyalarına yenidən  müraciət edərək onların elmi təhlilini də verməyə  çalışmışlar.

 

     Azərbaycan ədəbiyyatı nümunələrinin  alman dilinə  tərcüməsi XX əsrin 50-ci illərindən daha da intensivləşmişdir. Ədəbiyyatımızın o dövr  üçün orta  nəsli hesab olunan  M. Hüseyn, S. Vurğun, M. İbrahimovun bir neçə  əsəri  ilə  bərabər  60-cı  illərin nümayəndələri  hesab olunan  Anarın, Elçinin, M. İbrahimbəyovun əsərlərinin alman  dilinə bir neçə dəfə  tərcümə  olunması  bunu  bir daha  sübut edir. Məsələn, Anarın “Beşmərtəbəli evin  altıncı mərtəbəsi” romanı  sabiq Almaniya  Demokratik Respublikasında “Der Lift fahrt vorbei” adı  ilə 1982-ci ildə Berlinin “Volk und Welt” nəşriyyatında  rus dilindən  tərcümədə  nəşr olunandan sonra, 1989-cu  ildə Frankfurt Maynın “Dağyeli” nəşriyyatında  Azərbaycan dilindən  birbaşa  tərcümədə  çap olunmuşdur.  Elçinin  “Mahmud və Məryəm” “Ağ dəvə”, Ç. Hüseynovun “Məhəmməd, Məmməd, Məmiş”,  M. İbrahimbəyovun “Ondan yaxşı  qardaş yox idi”  romanları da  alman  oxucuları arasında  uğur qazanmışdır. Bu əsərlər  haqqında  “Kommune” (4.1990), Literatur-Report” (N 36,  Dezember 1989), Allgemeine Zeitunq (3 Februar 1990) Tages-Anzeiger (20 Yanvar 1990), Neue Zürcher Zeitung (7-8 April 1990), Gosslariche Zeitung (5 April 1990), Die Welt (24 Juni 1989) və s. kimi  qəzet-jurnallarda  gedən  məlumatlar,  resenziyalar  və məqalələr də  bunu bir daha təsdiq edir.

 

Azərbaycan ədəbiyyatının  alman oxucusuna geniş spektrdə  təqdim  olunması baxımından  iki  kitabı  xüsusi  qeyd etmək  lazımdır. Bunlardan birincisi “Der Cranatapfelbaum Moderne aserbaidschanische Erzählungen”  adlanır və 1961-ci ildə  sabiq ADR-də Berlinin “Volk und Welt”  nəşriyyatında  çapdan  çıxmışdır.  Kitabda Sabir  Əhmədovun, Ə. Əylislinin, Anarın, İlyas Əfəndiyevin, Elçinin, İsa Hüseynovun və digər XX əsr  Azərbaycan  ədəbiyyatı  nümayəndələrinin  hekayələri  çap olunmuşdur.

 

     İkinci kitab isə “Verschlossen mit  silbernem Schlüssel” (“Gümüş açarla bağlanmış”) adlanır və 2000-ci ildə Avstriyada  nəşr olunmuşdur. Cənubi Qafqaz respublikalarının  ədəbiyyatına  həsr olunmuş bu kitabda  hər  respublikanın ədəbiyyatına, o cümlədən  Azərbaycan  ədəbiyyatına 100 səhifə  ayrılmışdır. Bölməyə qısa,  lakin  tutumlu önsözündən sonra “Kitabi-Dədə Qorqud”dan başlayaraq bugünkü gənc nəslə qədər  Nəsimi, S. Vurğun, R.Rza kimi tanınmış Azərbaycan  şairlərinin, C. Məmmədquluzadə, Anar, Y. Səmədoğlu, S. Azəri kimi   nasirlərin  yaradıcılığından  nümunələr verilmişdir.

 

     Alman ədəbiyyatının Azərbaycan dilinə tərcüməsi isə məlum  mənbələrə əsasən XIX əsrin sonlarından başlayır və Azərbaycan oxucusuna təqdim olunan ilk alman müəllifi  Fridrix Şiller olmuşdur. Ünsizadə adlı  bir şəxs  onun “Məkr və məhəbbət” faciəsini “Xadə və eşq” adı ilə  “Kəşkül” qəzetində çap etdirmişdir. Əsrin  əvvəllərində  dahi  Qötenin “Faust” əsərindən ayrı-ayrı parçaların tərcüməsi   nəzərə  alınmazsa, deyə  bilərik ki,  alman ədəbiyyatının  Azərbaycan dilinə tərcüməsi XX  əsrin  30-cu illərindən başlanmışdır. Məhz bu illərdə  A. Zegersin “Balıqçıların  üsyanı”, B. Kellermanın “9 noyabr”, E. M. Remarkın “Qərb cəbhəsində təbəddülat yoxdur” romanları  Azərbaycan dilinə tərcümə  olunmuşdur.  30-40-cı illərin dövrü  mətbuatında  o  dövrün  ideologiyasına  uyğun olaraq alman  inqilabçı-demokratları kimi təqdim olunan Q. Herweqin, Q. Veertin şerlərinə    rast  gəlmək olur. Lakin  bütün  bunlarla  bərabər  tərəddüd etmədən demək olar ki, Azərbaycan  oxucusu  ölkəsinin  Sovet İttifaqının  tərkibində  olduğu  70 il  ərzində ən çox  alman ədəbiyyatının  klassiklərini - Qöteni, Şilleri, Hayneni tanınmışdır. Uzaqbaşı bu  siyahıya  o dövrün idealogiyasına  uyğun  olaraq  sosializm realizmi üslubunda  yazan A. Zeqersi, B. Brexti də  əlavə  etmək  olar.

 

     Onu da qeyd etmək lazımdır ki, bu tərcümələrin  hamısı  Azərbaycanda xarici dil bilən  peşəkar  tərcüməçilərin olmadığı  üçün  rus  dilindən olunurdu.  Əslində burda  peşəkar  tərcüməçilərə  ehtiyac da  yox  idi, çünki bütün  sahələrdə  olduğu kimi  ədəbiyyatda  hər bir şey  Moskvanın “razılığı” ilə olurdu. Daha  doğrusu, yalnız “Moskva senzurası”ndan keçən  alman  müəllifləri  Azərbaycan  ədəbiyyatına  yol  tapa  bilərdi. Yalnız 70-ci  illərdən sonra  Azərbaycanda  orijinaldan  tərcümə sənətinə xüsusi  diqqət  yetirilməyə  başladı və dövrü  mətbuatda  klassiklər, ADR  yazıçıları ilə bərabər  Haynrix Böll, Ziqfrid Gents, V. Borxert kimi  Qərbi Almaniya  yazıçılarının adları da görünməyə  başladı. Ümumiyyətlə, 70-80-ci illəri  alman dilindən  Azərbaycan  dilinə   birbaşa tərcümə  fəaliyyətinin ən yüksək  dövrü  hesab  etmək olar. S.Sveygin “Novellalar”ı (tərcümə edənlər Z.Məmmədov, H.Arzulu), E. M. Remarkın “Zəfər  tağı” (tərcümə edəni V. Hacıyev), H. Hessenin “Yalquzaq” (tərcümə edəni V. Hacıyev), J. Feyxtvangerin “Lautenzak qardaşları” (tərcümə edəni V. Hacıyev), F. Kafkanın “Qəsr” (tərcümə edəni Ç. Qurbanlı) romanları Azərbaycan  dilinə  məhz həmin dövrdə  tərcümə  olunmuşdur. Bu illərdə, rus  dilindən olunsa da, E.T.A. Hofmanın romantik nağılları, S. Hüseynovanın H. Böllün “O illərin çörəyi” povesti isə Ə. Əylislinin  tərcüməsində  böyük  uğur  qazandı.

 

     Son illərdə H. Arzulunun, Ə. Şirvanlının, Y. Savalanın, Ə. Qubatovun alman dilindən tərcüməsində H. Haynenin, J. V. Qötenin, F. Şillerin şer  kitabları Alman- Azərbaycan  ədəbi əlaqələrinə çox gözəl töhfə  hesab  oluna bilər.

 

     Əlbəttə, qısa bir  xülasədə Alman-Azərbaycan ədəbi-mədəni  əlaqələrinin  bütün spektrlərini əhatə etmək mümkün  deyil. Xüsusən  bu əlaqələrin  XX əsrin 60-70-ci il dövrünün ətraflı  tədqiqinə böyük ehtiyac duyulmaqdadır.

 

Bəsirə Əzizəliyeva

 

filologiya elmləri namizədi

 

 

 

AZƏRBAYCAN VƏ ƏRƏB ƏDƏBİYYATINDAN QARŞILIQLI TƏRCÜMƏLƏR

 

 

 

Azərbaycan ədəbiyyatşünaslığı tarixində dünya xalqları ədəbiyyatının öyrənilməsi məsələləri daim diqqət mərkəzində dayanan və tədqiqinə ehtiyac duyulan sahələrdən olmuşdur. Sözsüz ki, müasir elmi-ədəbi fikrin mühüm nəzəri-estetik konsepsiyalarından biri də dünya ədəbiyyatı ilə bağlıdır. Dünya xalqları ədəbiyyatının öyrənilməsi prosesi iki əsas istiqaməti ilə seçilir: milli ədəbi irsin tədqiqi və xarici ölkə xalqlarının ədəbiyyatlarının, ədəbi-nəzəri konsepsiyalarının araşdırılması. Hər iki aspekt isə birlikdə ümumdünya ədəbiyyatının inkişaf dinamikasını şərtləndirir, yeni perspektivləri ortaya qoyur.

 

«Dünya ədəbiyyatı» anlayışı ədəbi-nəzəri kateqoriya kimi ilk dəfə XIX əsrdə meydana çıxsa da, əslində problemin predmeti ilə əlaqədar olan məsələlərin reallaşması tarixi daha öncəki dövrlərə təsadüf edir və zəngin ədəbi irsin, bədii düşüncənin, özünə­məx­sus poetik təzahürün tarixi ilə müşahidə olunur. Bütün bu ədəbi proseslərin metodoloji əsasında isə ədəbi əlaqələrin rolu dayanır. Azərbay­can ədəbiyyatşünaslığının inkişafında ədəbi əlaqələrin, digər xalqların ədəbiyyatı­nın öyrənilməsi də mühüm yer tutur.

 

Şərq ədəbiyyatının araşdırılması, tərcümə və tədqiq problemləri isə bu sahədə xüsusilə ayrılır. Bu, bir tərəfdən Azərbaycan ədəbiyyatının özünün də Şərq ədəbiyyatı ailəsinə daxil olaraq ümumi və yaxın ədəbi-bədii konsep­siyaları, poetik strukturu ilə bağlı olmasından, bir çox yazıçıları­mızın, xüsu­silə də klassik dövr ədiblərimizin, şairlərimizin həm dil, həm məzmun və mündəricə, həm də ədəbi-fəlsəfi düşüncə sisteminin ümumi Şərq ədəbiy­yatı kontekstində öyrənilməsi zəruriliyindən irəli gəlmişdir. Digər tərəfdən isə ayrılıqda şərqşünaslığın, eyni zamanda, onun ayrı-ayrı qollarının tədqiqi Azərbaycan ədəbiyyatşünaslıq elminin inkişa­fında xüsusi çəkiyə malikdir. Elə bu baxımdan yanaşdıqda Azərbaycan şərqşünaslığının inkişafında ərəbşünaslığın yeri, ərəb ədəbiyyatının tərcümə və tədqiqi problemləri daim ön planda nəzəri cəlb etməkdədir. XX əsrin II yarısından sonra ərəbşünaslığın daha yüksək templə inkişafı, ərəb ölkələri ilə əlaqələrin güclənməsi bu prosesə əhəmiyyətli təsir göstərmişdir.

 

Azərbaycan-ərəb ədəbi əlaqələrinin tarixi tədqiqatçılar tərəfindən əsas etibarı ilə VII əsrə aid edilir. Belə ki, islam dininin meydana gəlməsi ilə ərəb-islam mədəniyyətinin Şərq dünyasındakı  hegemonluğu dil faktına da öz təsirini göstərmiş olur və bu əlaqələr, ilk növbədə, Azərbaycan müəllif­lərinin öz əsərlərini ərəb dilində yazmaları formasında təzahür edir. Bu baxımdan da şərqşünas alim M.Mahmudov «məvali» adlanan həmin şairlərin ədəbi irsindən qalmış nümunələr əsasında Azərbaycan-ərəb ədəbi əlaqələrinin formalaşmasını VII əsrin II yarısına aid edir (3, 5). Faiq Əliyev də bu fikirləri təsdiq edərək «Azərbaycan-ərəb ədəbi əlaqələri» adlı tədqiqat əsərində məvali şairlərin yaradıcılığını ilk yazılı ədəbi əlaqə faktı kimi isnad edilməli olan hələlik yeganə mənbə hesab edir (1, 21). Sözsüz ki, sözü gedən ədəbiyyatın nümayəndələri milli mənsubiyyətinə görə Azərbaycan ədəbiyya­tına məxsusdurlar və müəyyən dövrdə əlaqələrin inkişafında mühüm rol oynamışlar. Bu ənənələrin orta əsrlər boyu davam etdiyini, bir çox klassik şairlərimizin ərəbdilli əsərlər silsiləsini də xatırlatmaq yerinə düşərdi.

 

XX əsrdə Azərbaycan-ərəb ədəbi əlaqələri daha çox üç istiqamətdə davam edirdi: tərcümələr, tədqiqatlar və ədəbi mövzular.

 

Azərbaycan şərqşünaslığının bir sıra görkəmli nümayəndələri, o cümlədən M.Mahmudov, A.İmanquliyeva, Z.Məmmədov, V.Cəfərov, M.Qənbərli kimi tədqiqatçılarımız ərəb ədəbiyyatının tədqiqi sahəsində fundamental əsərlərin müəllifləridir. Ədəbi mövzular isə daha çox sovet ədəbiyyatı kontekstində ərəb xalqlarının müstəmləkəçilərə qarşı milli-azadlıq hərəkatının tərənnümü və ərəb həyatının bədii əksi istiqamətində Azərbaycan şair və yazıçılarının münasibətlərində ifadə olunurdu.

 

Ərəb bədii ədəbiyyatından tərcümələr müxtəlif formalarda özünü göstərir: birbaşa və vasitəli, yəni rus dili vasitəsilə edilən tərcümələr. Bu tərcümələr ayrı-ayrı kitablar şəklində və müxtəlif dövri mətbuat orqan­larında nəşr olunmuşdur. Hələ əsrin əvvəllərində «Ərəb ədəbiyyatında tarixi roman janrının banisi Corci Zeydanın (1861-1914) üç romanı 1908-1914-cü illər arasında Axund Mirməhəmməd Kərim Hacı Mir Cəfərzadə tərəfindən azərbaycancaya tərcümə edilmişdir» (1, 158).

 

Ərəb şifahi xalq ədəbiyyatının bir çox nümunələri Azərbaycan dilinə tərcümə olunmuşdur. «Ələddin və sehirli çırağı» (1939), «Dostlar. Ərəb nağılı» (1940), «Əlibaba və qırx quldur» (1949), «Oxuyan piyalə» (1958), «Dəniz səyyahı Sindibad» (1959) və «Min bir gecə» bu sahədə tərcümə olunmuş əsərlərdəndir. Ərəb ədəbiyyatından edilmiş tərcümə nümunələri həm toplu, həm də ayrı-ayrı müəllif kitabları kimi meydana çıxmışdır. Mə­lumdur ki, ərəb ədəbiyyatı anlayışı geniş mənada müxtəlif ərəb ölkələrinin – Misir, Suriya, Livan, İraq, İordaniya, Əlcəzair, Küveyt, Sudan və s. ölkələrin ədəbiyyatını əhatə edir. Bu ölkələrin və onların ədəbi fikrinin inkişaf tempi müxtəlif mərhələlər üçün fərqli xarakter daşıdığı kimi, bədii nümunələrin Azərbaycan dilinə tərcüməsi prosesində də müəyyən özəlliklər müşahidə olunur. Həmin  aspektdən XIX əsrin II yarısından etibarən yeni ərəb ədəbiyyatının inkişafı prosesində daha ön plana çıxan Misir, Suriya, Livan, sonra isə İraq ədəbiyyatından olunmuş tərcümələrə daha çox təsadüf edirik. 1958-ci ildə nəşr olunmuş «Ərəb hekayələri» kitabı da Misir, Livan, Suriya və İraq ədəbiyyatı nümunələrini əhatə edən toplu nəşrlərdəndir. Burada Misir ədəbiyyatından Mahmud Teymur, Əbdürrəhman Əlhəmis, İsa Übeyd, Bintəşşati, Əbdürəhman Əşşərqəvi, İbrahim Əbdəlhəlim, Mühəmməd Sidqi, Yusif Cövhər, Mahmud Bədəvi, Mühəmməd Teymur, Şihadə Übeyd, Yusif İdris, Suriya və Livan yazıçılarından Valəddin Egün, Cibran Xəlil Cibran,  Əbdəlməsih Həddad, Vəsvi Əlbüni, Mühəmməd İbrahim Dəkrüb, Emil Yusif Əvvad, Məvahibəlqiyalı, Dilavər, Səlmə Saiq və İraq nasirlərindən Əhmədsəid, Zünnün Əyyubun hekayələrindən nümunələr təqdim olunmuşdur. Müqəddimə müəllifinin «oxuculara təqdim etdiyimiz bu kitaba ərəb ədəbiyyatında realist cərəyanın yarandığı dövrdən başlayaraq ta son illərədək ərəb ölkələrində yaranmış ədəbi əsərlərdən nümunələr daxil edilmişdir» (2, VIII) kimi fikirlərinə də əsasən kitabda yeni və müasir ərəb bədii ədəbiyyatından nümunələr təqdim edilir. Hekayələri Azər­baycan dilinə X.Hasilova, E.İbrahimov, R.Nağıyev, S.Rəhman, Y.Şirvan, İ.Novruzov, M.H.Tahirov, N.Nağıyev, A.Həsənov, Ə.Yusif, C.Məmmədov, Ə.Mehdiyeva rus dilindən, İ.Şəms isə ərəb dilindən tərcümə etmişdir.

 

Ərəb ədəbiyyatından toplu formasında nəşr olunmuş kitablar içəri­sində «Sülh və Dostluq» (1958), «Bir gözəlin qəlbi. Ərəb hekayələri» (1970), «İnsan və quş. Ərəb hekayələri» (1974) tərcümə kitabları da Azərbaycanda ərəb ədəbiyyatının öyrənilməsi və təbliğində mühüm rol oynamışdır.

 

«Sülh və dostluq» kitabına Misir, İraq və Suriya yazıçılarının əsərləri daxildir. Burada Misir yazıçılarından Kamil Ömər «O iki dəfə öldü», Məmun əş-Şinavi «Kaş hər vaxt», «Oyan sevgilim», Zeynəb Məhəmməd Hüseynin «Mən kölə deyiləm», Suriya yazıçısı Vəsfi Krunfli «Şəfəq söküləni gözləyir», İraq ədibi Məhəmməd əl-Nəqdinin «Neft fəhləsi» kimi əsərləri təqdim olunmuşdur. Əsərləri Azərbaycan dilinə R.Rza, T.Əliyev, R.Axundov, O.Sarıvəlli, Ə.Ziyatay, İ.Soltan tərcümə etmişlər. Kitaba daxil edilmiş əsərlər ərəb ölkələrinin sosial-siyasi həyatını əks etdirir.

 

1970-ci ildə Qurbanəli Süleymanov tərəfindən ərəb dilindən tərcümə olunmuş «Bir gözəlin qəlbi» kitabı görkəmli Misir yazıçısı Mahmud Teymur və Livan mənşəli olan, XX əsrin əvvəllərində ABŞ-da fəaliyyət göstərən mühacir ərəb ədəbiyyatının məşhur nümayəndəsi Cibran Xəlil Cibranın əsərlərindən nümunələri əhatə edir.

 

Qeyd etmək lazımdır ki, 70-ci illərdən etibarən Azərbaycan ərəbşünaslığında yeni inkişaf mərhələsinə keçid başlayır və bu illərdə oricinaldan tərcümələr də daha intensiv xarakter alır. M.Teymurun «Bir gözəlin qəlbi», «Mənəm qatil, Həsən ağa», «Misirdə qadınlar belə xoşbəxtliklər üçün doğulmamış», «Hacı Şələbi», «Uşaq» və C.X.Cibranın «Banlı Marta», «İki zahid», «Göz», «Kədərim doğularkən», «Sevincim doğularkən» kimi əsərləri orijinaldan tərcümə sahəsindəki uğurlu nümunələrdəndir. Kitabda eyni zamanda Edman Səbri «Zülmətdən qaçan», Yusif Cövhər «Arzu və həqiqət», Yusif İdrisin «Bu… bu da oyundur?» kimi əsərləri  də təqdim olunmuşdur.

 

Ərəb hekayələrini toplu formasında təqdim edən «İnsan və quş» kitabı da həm ərəb ədəbiyyatının bir sıra görkəmli nümayəndələri ilə tanışlıq nöqteyi-nəzərindən, həm də orijinaldan tərcümə sahəsindəki inkişafı nümayiş etdirmək baxımından diqqəti cəlb edir. Kitaba görkəmli ədəbiyyatşünas alim A.İmanquliyeva müqəddimə yazmışdır.

 

Müqəddimədə tədqiqatçı ərəb ədəbiyyatının inkişaf xüsusiyyətlərini araşdırır, ayrı-ayrı ərəb ölkələrində ədəbi fikrin özünəməxsusluğu ilə bağlı məsələlərə diqqəti cəlb edir, Misir, Suriya, Livan və İraq ədəbiyyatının spesifik cəhətləri və yazıçıların yaradıcılıq keyfiyyətlərinə nəzər salır. Burada A.İmanquliyevanın tərcüməsində görkəmli Livan ədibi N.Nüaymənin «Qu-qu saatı», «Umyaqubun toyuğu», «İnsan və quş», «Buz əriyəcək», Suheyl İdrisin «Azadlıq», Sahib Cəmalın «Yusif», Məhəmməd Dibin «Hasin Dermək», eləcə də M.Qarayevin tərcüməsində Faruq Munib «İbrahim», Hənna Mina «Mənim şəhərim», Fuadət-Təkərli «Yadlar», Edman Səbri «İt oğrusu», Mahmud əz-Zahir «Üsyan», Bədi Həqqi «Kədərli torpaq» və digər ərəb yazıçılarının hekayələri təqdim olunmuşdur.

 

Kitabda verilən hekayələrdə ərəb həyatının çox müxtəlif məsələləri öz əksini tapmışdır. Toplu halında nəşr olunmuş kitablar arasında 1968-ci ilə aid Şərq novellalarından ibarət «Allah, sən haradasan?» kitabını da qeyd etmək lazımdır. Burada hind, türk, İran, Cənubi Azərbaycan ədəbiyyatı nü­ma­yəndələri ilə yanaşı Cibran Xəlil Cibranın da «Kafər Xəlil» hekayəsi təqdim edilmişdir. Əsəri ərəb dilindən Qurbanəli Süleymanov tərcümə etmişdir.

 

Ayrı-ayrı ərəb bədii nümunələrini birlikdə təqdim edən tərcümə ədə­biyyatı ilə yanaşı, Misir, Suriya, İraq ədəbiyyatı materiallarını əhatə edən müstəqil tərcümə kitablarına da təsadüf edirik. Bu baxımdan «Misir hekayələri» (1957), «Suriya şair və yazıçılarının əsərlərindən ibarət «Ümid nəğmələri» (1968) və İraq ədəbiyyatından nümunələri təqdim edən «Ağ günlərin sorağında» kitabları maraq doğurur. «Misir hekayələri» kitabı H.Hacıyevin müqəddiməsi, H.Hacıyev və Məmməd Əkbərin rus dilindən tərcümələri əsasında tərtib edilmişdir. Kitabda yeni ərəb ədəbiyyatı və müasir Misir yazıçılarının hekayə və novellalarından nümunələr təqdim olunmuşdur. Buraya M.Teymurun «Səbuhə», «Naciyə», «Məktub», «Şeyx Nəim, İmam, ya da çoxarvadlı» Mühəmməd Teymurun «İbtidai məktəbdə dərs», «Göyərti var! Turp var!», Mahmud Bədəvinin «Həqiqi kişi», Yusif Cavhəri», «Sahibsiz pişiklər», «Məhəbbət ölümə qalib gəlir», Əbdürrəhman əş-Şərqəvinin «Mənsur əfəndi və onun qızları», Bint əş-Şatinin «Onlar kişi tərbiyə etmək istəyirdilər», Yusif  İdrisin «Saat beş» kimi əsərləri daxil edilmişdir. Misir əhalisi xüsusilə, fəllahlar, xırda sənətkarlar və Misir kəndlisinin həyatı bu hekayə və novellaların əsas mövzusudur. Yeni dövr ərəb ədəbiyyatında çox geniş yayılmış qadın və cəmiyyət problemi, eləcə də XX əsr ərəb ədəbiyyatına xas olan antiimperialist ənənə qeyd olunan əsərlər üçün xarakterikdir.

 

1968-ci ildə nəşr olunan «Ümid nəğmələri» kitabı isə Suriya yazıçılarının bir qrupunun – X.Kərzun, M.Bədəvi, Nazir əl-Hisami, Şəb Nuri, Ə.Süleyman əl-Əhməd, V.əl-Bünni, Ülfət əl-İdlibi, Nəsib əl-Kayyali, H.Mina, Murad Sibai, A.Əbu Şənab, Sövqi Bağdadi, N.əl-Bəhrani kimi ədiblərin şeir və hekayələrinin toplusundan ibarətdir. Əsərləri rus dili vasitəsilə Azərbaycan dilinə Nəriman Həsənzadə, A.Abdulla, Eyvaz Borçalı, M.İsgəndərzadə, S.Almazov, S.Əsəd, M.Mirkişiyev, N.Nağıyev, İ.Qarayev, M.Təvəkkülova tərcümə etmişdir. «Ümid nəğmələri» kitabına daxil olan əsərlər XX əsr müəlliflərinin 50-ci illərdə yazdıqları bədii nümu­nələrdən ibarətdir. Burada bir məsələyə də diqqət yetirmək yerinə düşərdi. Sovet dövründə tərcümə olunmuş əsərlərin bir qismi həmin zamanın sovetlər mövqeyindən dəyərləndirilən əhval-ruhiyyəsini ifadə edirdi. Bu baxımdan da kitaba daxil olan şeir və kiçik hekayələrin əksəriyyəti sovetlərlə dostluq münasibətlərini ifadə edir, yaxud sovetlərin beynəlxalq aləmdəki azadlıq simvolu tərənnüm olunurdu.

 

İraq ədəbiyyatından nümunələrin daxil olduğu «Ağ günlərin sora­ğın­da» kitabı 21 İraq şair və yazıçısının şeir və hekayələrini əhatə edir. Kitab­da görkəmli şərqşünas A.İmanquliyevanın İraq ədəbiyyatı haqqında müqəd­diməsi verilmişdir. XX əsrin əvvəllərində İraqda baş verən siyasi-ictimai hadisələr, Şərqdə qadın problemi, vətən mövzusu, müasir həyata və inkişafa çağırış məcmuəyə daxil olan C.Sidqi əz-Zahavi, M.ər-Rusafi, M.Mehdi əl-Cəvahiri, M.Saleh Bəhrul Ülüm, Ə.Xəlil, H.Mərdan, B.əl-Heydəri, Ş.Xusbak, E.Səbri, Q.Fərman, Y.Həddad və digər Misir ədiblərinin təqdim olunan əsərlərinin əsas  mövzusudur. Kitaba daxil olan əsərlər V.Cəfərov, S.Rüstəm, Ağacəfər, T.Əyyubov, O.Sarıvəlli, B.Vahabzadə, M.Qarayev, C.Novruz, M.Dilbazi,Ə.Cəmil, Ə.Muradxanlı, M.Araz, M.Qarayev,  Z.Əlizadə, Q.Süleymanov, M.Qənbərov A.İmanquliyeva tərəfindən tərcümə edilmişdir.

 

Ərəb dilindən tərcümə olunmuş müxtəlif müəllifli əsərlərin toplu nəşrlərindən başqa ayrı-ayrı yazıçıların əsərləri də kitab formasında çap edilmişdir. Suriya yazıçısı Hanna Minanın «Göy lampalar» (1960), Əbül Fərəcin «Maraqlı əhvalatlar» kitabı (1961), Mövlüd Məmmerinin «Ədalət yuxuda ikən» (1963), Malik Həddadın «Çevrilmiş səhifə» (1965), Mişel Süleymanın «Yerdən doğan günəş» (1978), Məhəmməd Dibin «Qadağan olunmuş yerlər. Novellalar» (1983) müəllif kitablarıdır.

 

Suriya yazıçısı Hanna Minanın «Göy lampalar» povesti K.Mehdiyev tərəfindən «Detqiz»in 1958-ci il nəşrindən tərcümə edilmişdir. II Dünya müharibəsi illərində Suriya həyatının bir çox problemlərini əhatə edən əsərin müharibəyə etiraz motivləri, əsasən, bu dövrdə ərəb ədəbiyyatından tərcümə olunmuş əsərlərlə birləşirdi.

 

Orta əsr Suriya ədəbiyyatının nümayəndəsi, həyatı səyahətlərdə keçmiş Əbül Fərəc Bar-Ebreyin topladığı müxtəlif lətifələr, rəvayətlər «Maraqlı əhvalatlar» kitabında toplanmışdır. Əsərləri Avropa və Şərq dillərinə tərcümə olunmuş Əbül Fərəcin kitabında 700-dən çox əhvalat göstərilib.

 

Hacı Hacıyevin tərcümə etdiyi Əlcəzair yazıçısı Mövlud Məmmerinin «Ədalət yuxuda ikən» romanı II Dünya müharibəsi və ondan sonrakı dövrdə Əlcəzairin kənd həyatını əks etdirən əsərlərdəndir. Digər Əlcəzair yazıçısı Məlik Həddadın «Çevrilmiş səhifə» romanı da Ə.Əylisli tərəfindən tərcümə olunmuşdur. M.Həddadın sözügedən romanı  1987-ci ildə Henrix Böllun «O illərin çörəyi» əsəri ilə birlikdə yenidən nəşr edilmişdir. Ə.Əylisli kitaba yazdığı «Ədalət hissi, azadlıq dərdi» müqəddiməsində ərəb və alman yazıçılarını birləşdirən ədəbi mövzu və ideyalara diqqət yönəltmişdi.

 

Ərəb dilindən görkəmli şairlərimiz N.Xəzri və Ə.Kürçaylı tərəfindən tərcümə edilən «Yerdən doğan günəş» kitabı müasir ərəb poeziyasının məşhur simalarından biri olan, Livan mənşəli, 35-dən artıq kitabın müəllifi şair Mişel Süleymanın əsərlərindən ibarətdir. Şeirləri rus, bolqar, fransız, alman dillərinə tərcümə edilən müəllifin əsərləri Azərbaycan dilində də uğurlu səslənir. Kitaba daxil olan əsərlərdə azadlıq, dostluq motivləri güclüdür. Kitabda şairin «Xalqın qüdrəti», «İşıq və duman arasında», «Arzu çiçəyi», «Daşların dili», «Mühacir quş», «Odlu xatirələr», «Ölüm kədəri» və s. kimi şeirləri «Nəğmə, ölüm və son gecə» adlı birpərdəli pyesi təqdim edilmişdir.

 

Məhəmməd Dibin «Qadağan olunmuş yerlər» kitabı Əziz Gözəlov tərəfindən fransız dilindən tərcümə olunaraq nəşr edilmişdir. Kitaba ərəb yazıçısının «Kafedə», «Maraqlı toy», «Tanış», «Mənsurə», «İntizar», «Qadağan olunmuş yerlər» kimi novellaları daxil edilmişdir.

 

Son illərdə ərəb dilindən tərcümə edilmiş əsərlər, əsas etibarilə, orici­nal­dan tərcümə olunaraq ərəb ədəbiyyatının müxtəlif mərhələlərini əhatə edir.

 

1990-cı ildə Gövhər Baxşəliyevanın ön söz və tərcüməsində X əsr ərəb ədəbiyyatçısı və musiqiçisi Əbülfərəc İsfahaninin «Bir Məcnun vardır» əsəri nəşr edilmişdir. Əsərə daxil olan şeirlərin tərcüməsi Ağasəfaya aiddir. Bu kitab Ə.İsfahaninin  «Kitab əl-Əğani» - «Nəğmələr kitabı» adlanan əsərinin iki fəslini – Məcnun adı ilə tanınmış Bənu Amir qəbiləsinə mənsub Qeys ibn Müləvvəh haqqındakı fəsillərin «Bir Məcnun vardı» sərlövhəsi ilə  tərcüməsindən ibarətdir. Burada Məcnunun həyatı və sevgilisindən bəhs olunur, şeirləri təqdim edilir. Kitabda G.Baxşəliyeva tərəfindən yazılmış «Məhəbbətin əbədiliyi» adlı müqəddiməsi orta əsrlər üzrə məhəbbət poeziyası və Məcnun şeirlərinin tədqiqi baxımından da əhəmiyyətlidir.

 

Son illərin maraqlı tərcümə nümunələrindən biri də Səyavuş Sərxanlı tərəfindən 1999-cu ildə çevrilərək nəşr olunmuş «Qəribliyə düşən eşq» kitabıdır. Burada müasir Küveyt şairi Əbdül Əziz Səid əl-Babtinin şeirləri toplanmışdır. «Qərib sevgi nəğmələri. Sənə həsr edirəm», «Vəfa», «Mə­həbbət güc gələndə», «Kainatın nəğməsi», «Eşqə dönməyəcəyəm», «Ruhun qardaşı», «Keçən ömür» kimi şeirlər gözəl sənət nümunələrindəndir.

 

Ərəb ədəbiyyatından tərcümə prosesində Azərbaycan müəllifləri hekayə janrında yazılmış əsərlərə xüsusi yer ayırmışlar. Son illərdə də bu tendensiya davam etməkdədir. 2004-cü ildə nəşr olunmuş ərəb yazıçılarının hekayələ­rindən ibarət «Şəhidlər bu həftə qayıdacaqlar» kitabı Eldar Məmmədovun ön söz və tərcüməsində təqdim olunur. Müəllif bu ənənəni davam etdirməsi aktuallığını hekayə janrının müasir ərəb ədəbiyyatında şeirdən sonra ən çox işlənən bir ədəbi forma olması baxımından əsaslandırır (4, 3). Kitab bir sıra ərəb ölkələrinin nümayəndələrini əhatə edir. Misir yazıçılarından Yusif İdris, Nəcib Məhfuz, Mahmud əl-Bədəvi, Yusif əş-Şaruni, Əhməd Rəcəb, Hüda Cad, Faruq Munib, Həsən Mühəssib, Əlcəzair yazıçıları ət-Tahir Vattar, Əbdülhəmid Ben Həddiqə, Fələstinli nasir Taufiq Zəyyad və Samirə Əzzam, İraq ədibləri Mehdi İsa əs-Saqar, Meysəlun Hadi, Livan yazıçısı Mahun Abbud, Sudanlı yazıçılar ət-Tayyib Zərruqun və nəhayət İordaniya ədibi İsa ən-Naurinin əsərləri kitaba daxil edilmişdir. Tərcüməçi hər bir əsərin əvvəlində müəllif barəsində qısa məlumat verir, oxucu ilə tanışlıq yaratmağa çalışır. Kitaba daxil olan hekayələr ərəb həyatının çox müxtəlif məsələlərini əhatə edir, burada müstəmləkəçilərə qarşı ərəb xalqının azadlıq mübarizəsindən tutmuş, kəndli qızının faciəsinə qədər ərəb dünyasında baş verən çeşidli hadisələrin qələmə alındığı əsərlər yer almışdır.

 

Son illərin tərcümə əsərləri arasında Misir yazıçısı, ədəbiyyat üzrə Nobel mükafatına layiq görülmüş yeganə ərəb yazıçısı Nəcib Məhfuzun «Güzgülər» romanı da maraqlı əsərlərdəndir (Nəcib Məhfuz «Güzgülər». Bakı, 2006). Məşhur ərəb yazıçısının əsərləri bundan əvvəlki bir sıra nəşrlərdə də öz əksini tapmışdır. XX əsr Misir həyatının böyük bir dövrünü canlandıran romanın tərcüməsi mütərəqqi hal kimi diqqətəlayiqdir.

 

Azərbaycan bədii ədəbiyyatı nümunələrinin ərəb dilinə tərcümə prosesində eyni intensivliyi müşahidə etməsək də, bəzi faktları göstərmək mümkündür. Bu sahədə ərəb dilindən dilimizə çevrilən əsərlərdən fərqli ola­raq həm azərbaycanlı mütəxəssislər, həm də ərəb müəlliflərinin fəaliyyətini görürük. Ərəb ədəbiyyatşünaslığında Azərbaycan ədəbiyyatının görkəmli simaları – M.Füzuli, İ.Nəsimi, M.P.Vaqif, M.V.Vidadi, C.Məm­mədquluzadə, S.Vurğun və digər məşhur şair və ədiblərimizin yaradıcılıq məsələləri tədqiqata cəlb olunmuş, eləcə də bir sıra müəlliflərin ədəbi-bədii irsimizin müxtəlif nümayəndələri haqqındakı məqalə və kitabları ərəb dilinə tərcümə edilmişdir. Ərəb mənbələrində klassik şairlərimizdən İ.Nəsimi, Ş.İ.Xətai, M.Füzuli, M.P.Vaqif, M.V.Vidadi, Q.Zakir, M.Ə.Sabirin qəzəl, müxəmməs və rübailərinin tərcümələrinə təsadüf olunur.

 

«Azərbaycan ədəbiyyatı Şərq mənbələrində (İraq, İran, Əfqanıstan, Türkiyə, Bolqarıstan» (1980) adlı biblioqrafik göstəricilər kitabında İ.Nəsiminin «Çünki bildim möminin könlündə beytü-Allah var» misralı qəzəli və rübailəri (1971, 1974), Ş.İ.Xətainin bir neçə qəzəli, eləcə də məşhur «Neylərəm o cənnəti içində dildar olmasa» (1971), M.Füzulinin «Yıxma canım naleyi biixtiyarımdan saqın» (1971) və digər qəzəlləri, M.P.Vaqifin müxəmməsi (1973), «Çox zamandır yarın həsrətindəyəm» misralı şeiri (1972), M.V.Vidadinin «Gəl çəkmə cahan qeydini sən can belə qalmaz» şeiri (1972), Q.Zakirin «Aşiq və Məşuq» haqqında (1974), M.Ə.Sabirin «Para­dır» (1972), «Təraneyi-şairanə» (1972), «Vermərəm…» (1973) və digər əsərlərinin ərəb mənbələrində yer aldığı qeyd olunur.

 

Ərəb mənbələrində XX əsr şair və yazıçılarının əsərlərinə daha çox təsadüf edirik. S.Vurğun, S.Rüstəm, M.Rahim, R.Rza, M.Gülgün, N.Xəzri, O.Sarıvəlli, X.Rza, H.Bülluri, C.Novruz, B.Vahabzadə kimi şairlərimizin müxtəlif əsərləri ərəb dilinə tərcümə olunmuşdur.

 

Azərbaycan ədəbiyyatında ərəb mövzusunun işlənməsindən bəhs edər­kən qeyd olunduğu kimi, sovet ədəbiyyatı kontekstində ərəb mövzusuna müraciət ərəb xalqının tarixi müstəmləkəçilərə qarşı antiimperialist mübari­zəsi müharibə illərində yaşanan  müxtəlif çətinliklərin bədii ədəbiyya­tda əksi ideyaları ilə bağlı idi. Əsərləri ərəb dilinə tərcümə olunan XX əsr Azərbaycan yazıçılarının demək olar ki, əksəriyyətinin yaradıcılığında ərəb, eləcə də beynəlxalq məsələlər mövzusu xarakterik idi. Azərbaycan müəllif­ləri tərəfindən tərcümə prosesində belə əsərlərin seçilməsinə də təbii olaraq daha çox üstünlük verilmişdir. Bu baxımdan B.Vahabzadənin «Salam olsun şanlı İraq torpağına» (1973), Q.Qasımzadənin «Ərəbin qızğın qanı», R.Rzanın «Əlcəzair meydanında», M.Rahimin «Bağdad gecələri», O.Sarı­vəllinin «Ərəb qadını» və digər əsərləri qeyd etmək olar. Bağdadda 1971-ci ildə nəşr olunan «Ərəb ölkələri haqqında Azərbaycan nəğmələri» kitabında da qeyd olunan cəhətlərə diqqət yetirilmişdir. Kitab Sinan Səidin ön söz və tərcüməsində  nəşr olunmuşdur. Kitaba M.Rahimin «Bağdad gecələri», R.Rzanın «Şəttül-ərəb», S.Rüstəmin «Ərəb dostlarıma», O.Sarıvəllinin «Ərəb qadını», T.Bayramın «Əlcəzair qızı» şeiri, B.Vahabzadənin «Yollar və oğullar» və digər əsərlər daxil edilmişdir.

 

Azərbaycan müəllifləri tərəfindən ərəb dilinə tərcümə olunaraq 1964-cü ildə Bakıda nəşr olunmuş «Dost əlləri» kitabında da əsasən eyni prinsipə əməl edilmişdir. Ərəb və beynəlxalq mövzuda yazılmış əsərlərin topluya daxil olmasına daha çox üstünlük verilmişdir. Buraya R.Rzanın «Cəbəllüttariq», «Əlcəzair meydanında», «Şəttül-ərəb», «Ağ fil», S.Rüstəmin «Yeddi zənci», «Robsonun nəğməsi», Ə.Cəmilin «Yaşasın sülh cəbhəsi», M.Rahimin «Ərəb kəfən toxudu», M.Dilbazinin «Afrika yaşadıqca», «Ananın çağırışı», M.Rəfibəylinin «Cəmilə» və s. kim  əsərləri daxil edilmişdir.

 

Ərəb dilinə tərcümə olunmuş əsərləri əhatə edən toplu nəşrlərdən başqa ayrı-ayrı yazıçı və şairlərimizin də tərcümə edilmiş bədii nümunələri çap edilmişdir. M.Hüseynin «Abşeron» romanı hələ 1954-cü ildə ərəb dilinə tərcümə olunaraq Qahirədə nəşr edilmişdir. 1977-ci ildə isə görkəmli şairimiz Nəbi Xəzrinin «Məhəbbət… və fəlakət gözləri» kitabı Beyrutda çapdan çıxmışdır. N.Xəzrinin əsərləri görkəmli Livan şairi Mişel Süleymanın Azərbaycan ədəbiyyatı barəsində məlumat verən müqəddimə və tərcüməsi ilə buraxılmışdır. Kitaba şairin «Əgər unutsaydım «Ağ çiçək», «Axtar sən məni», «Şahid», «Mənim ürəyim», «Dəniz lövhəsi», «Dağ», «Ulduzlar», «Günəşli üfüqlər Vətənim» və digər şeirləri, «Şəhidlər və şairlər» poeması daxil edilmişdir.

 

S.Vurğunun «Şeirlər» kitabı (1976. Moskva) və Rəsul Rzanın Sudan şairi Cili Əbdürrəhman tərəfindən ərəb dilinə tərcümə olunaraq 1978-ci ildə Moskvada nəşr olunan «Lenin» poeması da bu sahədə uğurlu işlərdəndir. S.Vurğunun «Şeirlər» kitabına şairin «Nizami», «Aşıq qardaşıma», «Xatiratım», «Dağlar», «Belə dedilər», «Bahar düşüncələri» və digər əsərləri daxil edilmişdir.

 

Görkəmli yazıçı F.Kərimzadənin «Qarlı aşırım» romanı da Yusif Abdo tərəfindən ərəb dilinə tərcümə olunmuşdur (Daşkənd, 1980).

 

Sözsüz ki, qarşılıqlı tərcümə sahəsində ədəbi fəaliyyət bu gün də davam edir. Ədəbi tərcümə isə mədəniyyətləri yaxınlaşdırmaq, bədii düşüncənin inteqrasiyası kimi mütərəqqi roluna sadiqdir.

 

 

 

ƏDƏBİYYAT:

 

1.  Əliyev F. Azərbaycan-ərəb ədəbi əlaqələri. Bakı: Yazıçı, 1982.

 

2.  Ərəb hekayələri. Bakı: Azərnəşr, 1958.

 

3.  Mahmudov M. Ərəbcə yazmış azərbaycanlı şair və ədiblər. VII-IX əsrlər. Bakı: Elm, 1983.

 

4.  Şəhidlər bu həftə qayıdacaqlar. Bakı: Azərnəşr, 2004.

 

 

                                                                                        Vilayət Hacıyev,

 

                                                                                         filologiya elmləri namizədi,

 

 
Gelişmiş arama   Web aranıyor
 
 

 

 
 
Copyright © 2010 Humanıtar Elmə‌ləri Və İslam Məarfı Üzrə Tərcmə Və Nəşərlərin Tənzimat Mərkzi  . All rights reserved.