فارسي|Español|English|العربية
Saytın Xiritəsi|əlaqə|Xəbərlər|Haqqımızda
 
 
Login
kullanıcı adı :   
Şifre :   
 
Captcha:
[Üyelik]
Newsletter Membership
isim :   
elektronik posta :   
QURAN MÜTƏRCİMİ MİR YUSİF HAŞIMOV
QURAN MÜTƏRCİMİ MİR YUSİF HAŞIMOV

 kaynak :

 yazar :     elektronik posta :

 Yazım tarihi : 08/07/2011  

Qurani-Kərim ərəb dilində nazil olmuş sonuncu ilahi kitabdır. Tilavət zamanı müsəlmanlar Qurani-Kərimin əlifbası sayılan ərəb əlifbasının 28 heca hərfinin hər birinin oxunuşunu və bu hərflərin kəlmələrdə səsləndirilməsi ilə əlaqədar Quranın nazil olduğu tərzdə, xüsusi qayda və qanunlara riayət edirlər.

 

Odur ki, tilavət yönü ilə Qurani-Kərim ancaq bu dildə oxunur.Lakin Quranın məna və izahları isə hər bir millətin öz dilində ola bilər. Çünki islam bütün bəşəriyyətə göndərilən bir din olduğu üçün onun müqəddəs kitabı başqa dillərə də tərcümə olunmalı və yayılmalıdır. Müsəlmanlar tərəfindən Qurani-Kərimin müxtəlif dillərə tərcümələri Həzrət Məhəmmədin (s.) dövründən etibarən başlanmışdır. Həzrət Məhəmməd (s.) bəzi dövlət rəhbərlərinə döndərdiyi diplomatik məktublrda onların dilinə çevrilmiş Quran ayələri də yazdırırdı. Bunula yanaşı, həmin dövrdə Quran Həzrəti Məhəmmədin (s.) Mədinədəki səhabələrindən biri olan Səlmani- Farsi tərəfindən tərcümə edilmişdir. Səlmani-Farsi Quranın Fatihəв surəsini peyğəmbərimizin izni ilə fars dilinə tərcümə etmişdir. Mənbələrdə hicri 127-ci ildə Qurani-Kərimin tam olaraq bərbər dilinə, hicri 270-ci ildə hind dillərindən birinə, hicri 345-ci ildə isə fars dilinə tərcümə edildiyi göstərilir (4,106). Türk dilinə ilk tam tərcümə isə Şirazlı Məhəmməd bin əl-Həc Devlət Şahın 734/1333-cü ildə Oğuz türkcəsində yazdırmış olduğu tərcümədir. Hicri VI əsrdən başlayaraq isə Qurani-Kərimin müxtəlif dillərə tərcüməsi sürətlə artmağa başlamış və bu günə qədər sürəkli olaraq davam etməkdədir.

 

İslam dövlətinin bütün bölgələrində olduğu kimi, Azərbaycanda da təhsilə, elmə diqqət edilirdi. Xalqa yeni dinin ehkamlarını anlatmaq və savadlandırmaq üçün məscidlər nəzdində məktəblər və mədrəsələr açılırdı. Azərbaycanın Məkki ibn Əhməd Bərdəi (v./965), Bəhmənyar ibn Mərzban (v./1066), Əbu Əli Xatib Təbrizi (v./1108) kimi məşhur alimləri belə məktəb və mədrəsələrdə təhsili almışlar. Müxtəlif elm sahələrində olduğu kimi, dini elmlər sahəsində də azərbaycanlı alimlər yetişirdilər. Bunlardan bir çoxu Qurani-Kərimin təfsiri, qiraət və təcvid elmi ilə məşgul olmuşlar.

 

Azərbaycandaki mədrəsələrdə Quran və şəriət dərsləri ərəb dilində tədris olunsa da, müəllimlər hələ bu dili bilməyən şagirdlərə ayrı-ayrı mətləbləri anladarkən öz şərh və izahlarını istər-istəməz ana dilində söyləməli olurdular. Beləliklə isə Qurani-Kərimin ayələrinin Azərbaycan dilinə ilk tərcümələri ortaya çıxırdı. Bu tərcümələr əvvəlcə şifahi şəkildə olmuş, sonralar isə onların yazılı nümunələri ortaya çıxmışdır (5,7). Lakin IX-XI əsrə aid edilən bu yazılı tərcümələr günümüzə qədər gəlib çıxmamışdır. Quranın Azərbaycan dilində ilk nəşr edilmiş mətninin təfsiri Bakı qazısı Mir Məhəmməd Kərim bin Mir Cəfər əl-Hüseyni əl-Bakuviyə məxsusdur.

 

“Kəşf əl-həqaiq ən nükət əl-ayəti vəd-dəqaiq” adlı və üç cilddən ibarət olan bu təfsir 1906-cı ildə “Kaspi” qazetini Buxariyyə mətbəsində nəşr edilmişdir. Mir Məhəmməd Ağa kitabın müqəddiməsində onu bu təfsiri yazmağa sövq edən səbəbləri aydın izah etmişdir. O, bildirir ki, türk dilində bir çox təfsirlər yazılmasına baxmayaraq, Azərbaycan türkcəsində danışanlar onlardan faydalana bilmirlər. Çünki söz edilən təfsirlər osmanlıca olaraq yazılmışdır. Alim təfsirində ayələri tərcümə etdikdən sonra bir və ya bir neçə ayəni birlikdə təfsir etmişdir. Azərbaycan dilində nəşr edilmiş digər bir təfsir Zaqafqaziya şeyxülislamı Məhəmməd Həsən Movlazadə Şəkəvinin 1908-ci ildə Tiflisin “Qeyrət” mətbəəsində çap olunmuş “Kitab əl-bəyan fi təfsir əl-Quran” adlı ikicildlik təfsiridir. Müəllif bu təfsirin yazılmasında əsas səbəb olaraq digər müfəssir kimi Azərbaycan dilində təfsirin olmadığını göstərir. Şəkəvi ayələri ayrılıqda tərcümə etmədən təfsir etmişdir. Azərbaycanda sovet dövründə də dini həyaıtını yaşamağı davam edən və yaza bildiyi qədər də dini məzmunlu əsərlər yazan alimlər də olmuşdur. Belə alimlərdən biri Əhməd İsrafil oğlu Haşımzadədir. O, 1962-ci ildə “Təfsiru əl-Qurani əl-Azım” adlı təfsir yazmışdır. Haşımzadənin ərəb əlifbası ilə Azərbaycan dilində yazılan bu təfsiri dörd cilddən ibarət olub, əlyazmadır.

 

Bəzi cəhətlərdən islam elm aləminin ənənəvi təfsirlərindən fərqlənməsinə baxmayaraq, yuxarıda adı çəkilən hər üç təfsir kifayət qədər elmi əhəmiyyətə malikdir. Hər üç təfsirçi Zəmahşərinin (v.538/1143), Fəxrəddin ər-Razi (v.606/1209), Qadi Beyzavi (v.685.1209), Əbu Hayyan əl-Əndülüsi (v.745/1344) kimi məşhur alimlərin təfsirlərindən istifadə etmişlər. Lakin ərəb əlifbası ilə Azərbaycan dilində yazılmış bu təfsirlərin dili müasir dövr üçün mürəkkəb, üslubu isə çətindir. XX əsrin 90-cı illərindən başlayaraq Qurani-Kərim ərəbşünas alimlər tərəfindən Azərbaycan dilinə tərcümə edilməyə başlanmışdır. Azərbaycanda xalq tərəfindən daha çox oxunulan Quran tərcüməsi Z.M.Bünyadov və V.M.Məmmədəliyevə aiddir. Yeddi dəfə nəşr edilən bu qiymətli tərcümə Quranın müasir Azərbaycan dilinə qısa izahlı ciddi ədəbi tərcüməsidir. Yuxarıda adı çəkilən təfsirlər və tərcümə istər elm aləmində, istərsə də xalq arasında müəyyən qədər bilinir və tanınır. Lakin biz bu təfsirlərlə yanaşı, nəşr edilməmiş, Quranın əlyazma şəklində qalmış bir tərcüməsi və onun müəllifi haqqında ilk dəfə olaraq məlumat vermək istərdik.

 

Haşımov Mir Yusif Mir Bəhlul oğlu 1901-ci il fevral ayının 15-də Bakı şəhərində anadan olmuşdur. Onun atası Mir Bəhlul və anası Anaxanım Bakının Maştağa kəndinin Seyyid məhəlləsinin sakinləri olmuşlar.

 

Haşımov ilk təhsilə çox erkən yaşlarında – dörd yaşında başlamışdır. Yaşının az olmasına baxmayaraq, Mir Yusif ondan yaşca böyük olan qardaşları ilə bərabər mədrəsəyə getmək üçün çox səylər göstərir. Günlərin birində qardaşları onlara dərs verən müəllimdən dörd yaşlı Mir Yusifin mədrəsədə oxuması üçün izin alırlar. Beləliklə, Haşımov Mir Yusif artıq dörd yaşında təhsilə başlayır. Mir Yusif iki ildən sonra özündən yaşca böyük olan uşaqlara sinif rəhbəri olur. O, səkkiz illik mədrəsə təhsili zamanı digər fənlərlə yanaşı, ərəb və fars dillərini də mükəmməl öyrənir. Lakin onun böyük həvəsi və qabiliyyəti olan fənlərdən biri də riyaziyyat idi. Haşımov M.Y. uzun illər sonra, yəni 1979-cu ildə xatirələrində mədrəsədə ona dərs verən müəllimini aşağıdakı sözlərlə yad edir: “O, öz tələbələri üçün o dövrə əks olaraq skamyalar və yazı taxtası hazırlatmışdı. Onun o dövrə zidd olan işlərindən maraqlısı bu idi ki, o Rübabə adlı 12-13 yaşlı qızına evdə yox, mədrəsədə dərs deyirdi. Bu isə onun bir çoxlarına meydan oxuması demək idi”. Mir Yusif Haşımovun sonrakı təhsili sovet dövrünə təsadüf edir. O, 1920-ci ilin avqustunda Bakıda açılan müəllimlik kurslarına daxil olur. Kursları bitirdikdən sonra Mir Yusif Haşımov müəllimlik fəaliyətinə başlayaraq, Bakının Qala, Maştağa kəndlərində və keçmiş Kirov rayonunun məktəblərində riyaziyyatdan dərs verir. Dərs verməklə yanaşı o, 1928-1935-ci illərdə təhsilini də davam edir. İlk öncə Pedaqoji Texnikumu, sonra isə Pedoqoji İnstitutu bitirir.Ali təhsil aldıqdan sonra Mir Yusif Haşımov Bakı xalq təhsili şöbəsində təftişçi vəzifəsində çalışır. O, birinci sinif şagirdləri üçün ana dilində ilk əlifbamızın tərtibatçısı olan dayısı oğlu Mir Mahmud Ələsgərli ilə bərabər Azərbaycanın bir çox bölgələrində təhsil və tədris işlərinə nəzarət etmişdir. Haşımov M.Y. Böyük Vətən müharibəsi başladıqda – 1942-ci ilin mart ayında ordu sıralarına çağrılmışdır. O, Şimali Qafqazdan başlayaraq, Almaniyaya qədər döyüşlərdə iştirak etmiş və bir sıra medallarla təltif olunmuşdur. 1945-ci ildə may ayının 6-da qələbə ərəfsində Haşımov yaralanaraq müalicə üçün Bakıya göndərilmişdir. Ordudan tərxis olduqdan sonra o, Bakı şəhərinin Bayıl qəsəbəsində 6-li texniki-peşə məktəbində 1953-cü ilədək müəllim işləmişdir. Haşımov M.Y. 1953-cü ildə təqaüdə çıxmışdır. 1925-ci ildə ailə quran Mir Yusif Haşımovun yeddi övladı olmuşdur. Onun övladlarının hamısı müxtəlif sahələr üzrə ali və orta təhsil almışlar. Mir Yusif Haşımov 1989-cu ildə dekabr ayının 16-da Bakı şəhərində vəfat etmişdir. Haşımovun bu günlərdə Allahın rəhmətinə qovuşan həyat yoldaşı Minəvvər xanım Əliağa Vahidin doğma əmisi qızı idi. Haşımovun ailəsi ilə yaxından tanış olduqda onun övladlarının qəzələ olan həvəsini gördük. Onun oğullarından Azad və Ənvər Haşımovlar qəzəl sevməklə yanaşı, həmçinin, bir sıra qəzəl müəllifləridirlər. Mir Yusif Haşımovun həyatda olan övladları atalarının xoşxasiyyət, gülərüz, mehriban, qayğıkeş bir insan olduğunu bildirdilər. Haşımovun qızı Ofeliya xanım isə atasının gözəl tərbiyəçi və müəllim olduğunu böyük məhəbbət hissi ilə bizə bildirdi. Mir Yusif Haşımov ömrünün sonuna yaxın, yəni 1979-cu ildə Qurani-Kərimi Azərbaycan dilinə tərcümə etməyə başlamış və üç il yarımdan sonra qurtarmışdır. Haşımov öz tərcümeyi-halında Quranı Azərbaycan dilinə tərcümə etmək fikrinə düşdüyü səbəbləri belə izah edir: “...On dörd əsr qabaq yazılan Quranda bu vaxta qədər heç bir dəyişikliyə yol verilməmişdir.Xalqımızın bu qədim əsərlə tanış olması, məncə, ancaq müsbət nəticə verə bilər.... Məclislərdə ziyalı cavanlarımızdan eşidilir ki, məclisdə Quran oxunur, eşitdiyimiz sözlərin isə mənaları bizə məlum deyil. Nə üçün bu (Quran) Azərbaycan dilinə tərcümə edilmir?.. Bəziləri Quranı cadu kitabı təsəvvür edir... Quran demək olar ki, dünyanın bütün dillərinə tərcümə edilmişdir. Nə üçün Azərbaycan dilinə tərcümə edilməsin? və s.” Haşımovun tərcüməsi beş cilddən ibarət olub kiril əlifbası ilə Azərbaycan dilində sovet dövründə çox istifadə edilən yazı makinasında çap edilmişdir. Qurani-Kərimin ərəbcə ayələrini Haşımov M.Y. əl yazısı ilə mətnə əlavə etmişdir. Xətti nəstəliq xətti olub, aydın və gözəldir. Mütərcim ərəbcə yazılan hər bir ayədən sonra onların ərəb dilində oxunuşunu kiril əlifbası ilə yazmışdır. Tərcümə sovet dövründə istehsal edilən təbii rəngli dəftərxana kağızında yazılmışdır. Cildi yaşıl rəngli meşindir. Hər bir cilddə mütərcim ilk öncə eyni mətnli müqəddimə və özü haqqında qısa məlumat yazmışdır. Müqəddimə və tərcümənin tədqiqi zamanı bizə aydın oldu ki, mütərcim ərəb dilini və qismən də olsa təcvid elmini bilirmiş. Çünki o, ərəb əlifbasında eyni səslənən hərfləri qruplara ayırmış və onların tələffüzü haqqında bilgi vermişdir. Məsələn, ərəb dilində olan “tı” səsli iki hərfin fərqli yazılış, həm də tələffüz qaydalarını izah etmişdir.

 

Eyni zamanda Haşımov qalın və incə oxunan hərflər haqqında da məlumat vermiş və onların məxrəclərini izah etmişdir. Belə ki, o, ayələrin kiril əlifbası ilə yazılmış ərəb mətnində sukunlu hərfləri bildirmək üçün nöqtə,qalın və ya incə onunacaq hərflərin dərəcəsini bir-birindən ayırmaq üçün isə qalın tərəfə doğru hərfləri 1,2, 3, 4 rəqəmləri ilə işarələmişdir. Lakin buna baxmayaraq, mütərcim Quranın ərəb dilindəki mətnini kiril hərfləri ilə yazdıqda bəzi incə hərfləri qalın, bəzən isə qalın oxunacaq yerlərdə hərfləri incə olaraq yazmışdır. Həmçinin o, təcvid elminin əsas qaydalarından biri sayılan mədd, yəni uzatma qaydalrını vurgu olaraq adlandırmış və məddin uzatma mərtəbələrindən də heç bir məlumat verməmişdir. Haşımovun tərcüməsi tərtibi ilə birlikdə Azərbaycan dilində olan digər tərcümələrdən fərqlidir. Belə ki, mütərcim Quranın ayələrinin ərəbcə oxunuşunu kiril əlifbası ilə yazmışdır. Haşımov M.Y. həqiqətən həm quruluşu, həm də məzmununa görə təqdirəlayiq bir tərcümə ortaya çıxartmış və qarşısına qoyduğu məqsədə nail ola bilmişdir. Mütərcim tərcümədə hər surənin adını əvvəl ərəb dilində, sonra isə ərəb əlifbası ilə azərbaycan dilində yazmışdır. Haşımovun tərcümə zamanı Quranın ərəb dilində olan mətni ilə yanaşı, türk dilində olan mətnindən də istifadə etdiyi aydındır. Bir cəhəti də burada qeyd etmək istərdik: Qurani-Kərimin mənasını nə şəkildə başqa bir dilə nəql edilməsi məsələsi ilə əlaqədar fərqli tərcümə növləri ortaya çıxmışdır. Bunlardan biri olan hərfi tərcümə ərəb sözünün müqabilində onun tərcümə ediləcək dildə olan kəlmə ilə əvəz olunmasıdır. Bu tərcümə növünü ədəbi əsərlərdə, xüsusilə də Qurani-Kərimdə tətbiq etmək çox çətindir. İkinci tərcümə növü isə təfsiri tərcümədir. Bu tərcümə digərindən fərqli olaraq, tərcümə ediləcək mətndə məqsədləri ifadə edə bilir. Çünki bu tərcümə zamanı hər hansı bir sözün mənasını bəzi izahlarla başqa dilə nəql etmək münkündür. Əlbəttə ki, Qurani-Kərimin tərcüməsində təfsiri tərcümə növü daha üstün və məqsədəuyğun sayılır. Lakin unutmayaq ki, Qurani-Kərim həm kəlmə, həm də məna etibarı ilə Allah kəlamı olduğu üçün, onu tam olaraq tərcümə etmək mümkün deyildir. M.Y. Haşımov tərcümə zamanı ayələrə qısa izahlar verməsinə baxmayaraq, tərcümə hərfi tərcümə olduğu üçün bəzi nöqsanları vardır.

 

Tədqiqatdan sonra bizə aydın oldu ki, Haşımov M.Y.ərəb dilini mükəmməl bilməsinə baxmayaraq, dini savadı az olduğu üçün tərcümə zamanı bir çox kəlmələri, ifadələri ancaq hərfi tərcümə etmişdir.

 

Yuxarıdakı nöqsanları qəbul etsək belə, Quran asan başa düşülən bir şəkildə tərcümə edilmişdir.Nəzərə almaq lazımdır ki, Haşımov Quranı sovet dövründə, 80 yaşına catmış və xəstə halı ilə tərcümə etmişdir. Mir Yusif Haşımovun tərcümeyi-halında, özü də bildirdiyi kimi, bu iş ona ağır və çətin zəhmətlə başa gəlmişdir. Bu tərcüməni Azərbaycanda Quran tərcümə ənənəsinin davamı kimi qiymətləndirsək heç də səhv etmiş olmaırıq. Tərcümə Azərbaycanın dini elm tarixinin öyrənilməsində istifadə edilə bilən mühüm bir qaynaqdır. M.Y.Haşımovun tərcüməsi araşdırmaçılar üçün çox maraqlı tədqiqat obyekti ola bilər. Əlbəttə ki, bu tərcümə tədqiqata cəlb edilərsə, ugurlu nəşri də meydana çıxacağına da inanırıq. Bunun üçün isə Haşımovun beş nüsxədən ibarət olan tərcüməsinin bir nüsxəsi ailəsi tərəfindən elmi araşdırma müəssisələrinin birinə verilməlidir.

 

Hər bir millət öz elm, mədəniyyət və tarixi hadisələri ilə yaşadılır. Din isə milli mədəniyyətin mühüm bir hissəsidir. Həyatmızla əlaqəsi kəsilən dövrlərdə də dinin unudulmaması və doğru anlaşılıması üçün fədakarlıq göstərən insanlarımız olmuşdur. Mir Yusif Haşımov belə fədarkarlarından biridir.

 
Gelişmiş arama   Web aranıyor
 
 

 

 
 
Copyright © 2010 Humanıtar Elmə‌ləri Və İslam Məarfı Üzrə Tərcmə Və Nəşərlərin Tənzimat Mərkzi  . All rights reserved.